Polad… hər gün əhatəmizdə onu görür, toxunur və ondan istifadə edirik. Evimizdəki bıçaqlardan, tikinti sektoruna, dəmir yolu xətlərindən, şüşə aksesuarlarına qədər, daima qarşımıza çıxır. Yüksək keyfiyyətli polad, müasir texnikanın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir, uzun illər ərzində ağır sənayenin əsas sütunlarını təşkil edir və eyni zamanda qlobal siyasətdə də mühüm rol oynayırdı.
Poladın kəşfinin qısa tarixcəsi
Poladın kəşfinin tarixinin olduqca qədim olduğu düşünülməkdədir. Bəzi mənbələrə görə poladın inkişafı dəmir dövrünün başlanğıcına, təqribən 4000 il əvvələ, bəzilərinə görə 2000 il əvvələ, bir başqalarına görə bu yeniliyin bir neçə fərqli yerdə bir-birindən əlaqəsiz olaraq kəşf edilərək antik dünyaya yayılması qeyd edilmişdir. Hər nə qədər intibah dövründən uzun müddət əvvəl polad müxtəlif metodlar ilə istehsal edilmişsə də, 17-ci əsrdə ixtira olunan daha effektiv istehsal usullarından sonra istifadəsi genişləndi. 19-cu əsrin ortalarında Bessemer dəyişdiricisinin ixtirası ilə polad ucuz olmayan kütləvi istehsal materialına çevrildi.
Poladın tərkibi
Poladın əsas tərkib hissəsi dəmir (Fe) və karbon (C) elementlərindən ibarətdir, ancaq bir sıra elementlər də bu tərkibə daxil ola bilər, bu da onun xüsusiyyətlərini dəyişdirir və müxtəlif məqsədlər üçün istifadəsinə imkan yaradır. Poladın paslanmaya və korroziyaya dözümlü olması üçün, ona xrom (Cr) da əlavə edilir. Bunlardan başqa kükürd (S), Fosfor (P), Titan (Ti), Nikel (Ni) və sairə elementlər də poladın tərkibində müəyyən miqdarda mövcud olur.
Poladın növləri
Poladın təqribən 50-100 arası növü vardır, bunlardan ən çox istifadə edilən 4 növünü qeyd edə bilərik.
- Karbon poladı:
Karbon poladının əsas üstünlükləri, möhkəm, davamlı və sərfəli olmasıdır.
Əsas tətbiq sahələrinə, neft-qaz sənayesi, avtomobil sənayesi, bina və tikinti sənayesi daxildir.
- Paslanmaz polad:
Paslanmaz polad, tərkibində minimum 10,5% xrom olan bir polad növüdür. Paslanmaz poladın müxtəlif növləri vardır: duplex, martensitik, austensitik, ferritik.
Paslanmaz poladın əsas üstünlükləri, korroziya və ləkələrə qarşı dayanıqlıdır, möhkəm və dözümlü olur, asanlıqla təmizlənir, xüsusi qulluq gərəkdirmir.
Əsas tətbiq sahələri: Qida və içki sənayesi, tibbi sənaye, tikinti sənayesi.
- Alət poladı:
Alət poladları əsasən alətlər və qəliblər üçün nəzərdə tutulmuş bir polad növüdür, sərtliyi və aşınmaya qarşı müqaviməti ilə tanınır.
Əsasən, mühərrik blokları, silindr başlıqları kəsici alətlər, qəliblər, əl alətləri, bıçaqlar və sairə üçün istifadə olunur.
- Alaşımlı poladlar:
Alaşımlı polad, müxtəlif materiallarla ərintilənmiş bir polad növüdür. Poladın alaşımlı hissəsi, ümumi poladın 1-50%-ni təşkil edə bilir.
Bu polad növü 2 qrupa ayrılır: aşağı alaşımlı polad və yuxarı alaşımlı polad.
Əsas üstünlükləri: sərtlik, dözümlülük, aşınmaya və korroziyaya qarşı dayanıqlı, yüksək temperaturda davamlılıq və sairə.
Əsasən, Neft və qaz sənayesi, avtomobil sənayesində və mətbəx ləvazimatlarının hazırlanmasında istifadə edilir.
Nəticə
Poladın varlığını əksər vaxt hiss etməsək də, müasir dövrdə həyatımızın bir parçasına çevrilib. Onun istifadə sahəsinin genişliyini, güclü, elastik, sərfəli və xoş görünüşlü olması ilə izah etmək olar. Hər bir polad növü öz xüsusiyyətlərinə görə xüsusi bir ehtiyacı qarşılayır, bu özəlliyi, onun sənaye və gündəlik həyatda necə mükəmməl olduğunu göstərir. Polad öz gücünü sadəcə fiziki deyil, həmçinin iqtisadi və sosial təsirlərində göstərir. Gələcək dövrlərdə, poladın innovativ tətbiqləri və yeni növləri həyatımızı daha da davamlı və möhkəm hala gətirəcək.
Fərid Abdullayev
Marketinq Meneceri