Qapı bağlayıcıları: Texnologiya, Funksionallıq və Təhlükəsizlik

Qapı bağlayıcısı nədir və nə üçün istifadə olunur?

Biz hər hansısa bir obyektə, marketə, mağazalara və s. girərkən, qapını açdıqda qapının öz-özünə bağlandığının şahidi oluruq. Bir çoxumuz qapının bağlanmasını təmin edən mexanizmanın nə olduğuna hətta fikir belə vermirik. Bəs nədir bu qapı bağlayıcısı? Gəlin önəmsiz görünən və hətta bəzilərimizin varlığından xəbərsiz olduğumuz bu mexanizma ilə yaxından tanış olaq.

Qapı bağlayıcısı – qapını təhlükəsiz, səssiz, lazımlı sürətdə və əlavə güc tətbiqi ehtiyacı olmadan bağlayan kompakt mexanizmadır. Əsasən qapının üst hissəsindən quraşdırılır və quraşdırılması olduqca sadədir. Qapı bağlayıcılar ilk növbədə qapının çəkisinə görə, bundan başqa, ölçüsünə, rənginə və görünüşünə görə ceşidlənir. Qapı bağlayıcıları, qapıların təhlükəsiz və səssiz şəkildə bağlanmasını təmin etməklə, münasib qiyməti ilə enerjiyə qənaət, qapının uzunömürlülüyünü artırmaq, çöldən içəri girə biləcək həşərat və heyvanların qarşısını almaq və s. üstünlükləri üçün istifadə olunur.

Qapı bağlayıcısının tarixi 

Bəzi mənbələrə görə qapı bağlayıcılarının ixtirası İsgəndəriyəli Herona (təq. 10-75) məxsusdur, ancaq daha müasir dövr üçün, saat istehsalçıları Thwaites və Reed 1850-ci ildə spiral qapı yayının orijinal ixtiraçıları olduqlarını iddia ediblər.

1873 və 1916-cı illər arasında qapı bağlayıcıları inkişaf edərək çirkin, səs-küylü, etibarsız və heç də müasir düvrdəki növlərinə yaxın olmayan alətlərdən, bu gün istifadə etdiyimizə bənzər zərif və səmərəli cihazlara çevrildi.

Qapı bağlayıcısının üstünlükləri 

Əvvəlcədən də dediyim kimi əksər insanlar qapı bağlayıcısının nə olduğunu və təhlükəsizlik üçün nə qədər vacib olduğunu bilmirlər. Gəlin qapı bağlayıcılarının əsas üstünlükləri ilə tanış olaq:

Mühafizə:  

Qapı bağlayıcısı binanızın, evinizin və ya obyektinizin giriş qapısının kimsə keçdikdən sonra etibarlı şəkildə bağlanmasını təmin edəcək. Bu qapının dərhal bağlanmasını təmin edir və icazəsiz girişin qarşısını alır, Xüsusilə girişə nəzarət olunan qapılarda – blok qapılarında qapı bağlayıcısının olması çox vacibdir.

Təhlükəsizlik 

Qapı bağlayıcıları hətta yanğınların yayılmasının qarşısını ala və insanların həyatını xilas edə bilər. Belə ki, yanğın qapılarında qapı bağlayıcılarının olması mütləqdir, çünki, bu tüstü və istiliyin sürətlə yayılmasını məhdudlaşdırmağa kömək edə bilər.  

Enerjiyə qənaət: 

Uzun müddət açıq qalan qapı kondisionerin tənzimlədiyi havanın çıxmasına imkan verir ki, bu da enerji xərclərini artıracaq. Qapı bağlayıcıları qapıları bağlı saxlamağa və sabit temperaturun qalmasına kömək edir ki, bu da enerji xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. 

Yaxşı işləyən bir qapı bağlayıcısı yalnız əmlakınızı təhlükəsiz saxlamağa kömək etməyəcək, həm də onu zədələrdən qoruyacaqdır. Qapıların möhkəm çırpılması çərçivəni, məntəşələri və bitişik divarları zədələyə bilər.  

Qapı bağlayıcısını seçərkən nəyə diqqət etməli?  

Bura kimi biz qapı bağlayıcılarının nə olduğunun, nə üçün istifadə edildiklərinin, onun tarixi, üstünlükləri və önəmi barəsində ətraflı şəkildə tanış olduq. İndi isə gəlin bərabər qapınıza düzgün qapı bağlayıcısını seçərkən nələrə diqqət etməli olduğumuza baxaq.

Qapının çəkisi: 

İlk öncə qapı bağlayıcısını seçərkən bilməli olduğumuz ilkin məlumat qapının çəkisi və qapının olduğu ərazidə küləkli havanın tez-tez olub olmadığını dəqiqləşdirməkdir. Qapının çəkisini təqribi müəyyənləşdirmək üçün onun materialına və ölçüsünə baxmaq lazımdır. Əgər ağır çəkili qapı üçün yüngül EN gücünə sahib qapı bağlayıcısından istifadə etsək, o qapı düzgün şəkildə açılıb bağlanmayacaq, hətta ümumiyyətlə bağlanmaya bilər. Əgər əksinə yüngül qapı üçün ağır EN gücünə sahib qapı bağlayıcılarından istifadə etsək o zaman qapı ağır açılacaq və qapının açılmasında çətinliklər yaranacaq. Bunun üçün düzgün qapı bağlayıcısını seçmək üçün qapının çəkisinə diqqət etmək vacibdir.

Qapı bağlayıcılarının funksiyaları:  

Qapı bağlayıcılarını seçərkən diqqət olunması gərəkən məqamlardan biri də, onun funksiyalarıdır. Bu funksiyalar, qapı bağlayıcısının gücünü, bağlanma sürətini, çırpılma sürətini, gecikmə funksiyasını, geri çırpılma kontrolunu və s. funksiyaları tənzimləməyə kömək edir.

Qapı bağlayıcısının növləri: 

Qapı bağlayıcısının 2 əsas növü var – raylı və dirsəkli. 

Raylı qapı bağlayıcıları – digərindən öz estetik görünüşü ilə fərqlənir. Bununla bərabər raylı modellər küləkli havalar üçün tövsiyyə olunmur, buna görə də əsasən ofis və içəri otaq qapılarına quraşdırılması məqsədəuyğundur.

Dirsəkli qapı bağlayıcıları – görünüş olaraq raylı modellər kimi estetik görünüşə sahib olmasalar da, raylı modellərdən fərqli olaraq, düzgün EN gücünə malik qapı bağlayıcısı küləyə qarşı davamiyyətli olması ilə seçilir.

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?